Liberal iqtisadiyyat nədir və bizdə niyə yoxdur? | TƏHLİL

   Liberal iqtisadiyyat nədir və bizdə niyə yoxdur? |    TƏHLİL
  05 Sentyabr 2023    Oxunub:2938
Dünya iqtisadiyyatının aparıcı ölkələrinin təcrübəsi göstərir ki, ən mükəmməl iqtisadiyyat özü-özünü idarə edən (tənzimləyən) iqtisadiyyatdır. Buna “liberal iqtisadiyyat” deyilir. Yüksək iqtisadi artım və sürətli inkişaf tələb olunan yerdə dövlət iqtisadiyyata ya məhdud səviyyədə müdaxilə edir, ya da mümkün qədər heç etmir, etməli də deyil.
İqtisadiyyat yalnız vergi və rüsum mexanizmləri əsasında tənzimlənməli, iqtisadi subyektlərə heç bir şəkildə diqtə həyata keçirilməməli, təsərrüfat fəaliyyətinə müdaxilə edilməməlidir. Bunun üçün özəl sektorun payı maksimum dərəcədə yüksək olmalı, dövlət mülkiyyətinə və inhisarına malik istehsal və xidmət sahələri mövcud olmamalı, dövlətin tabeliyində heç bir iqtisadi subyekt fəaliyyət göstərməməldir.

Ölkəmizin iqtisadiyyatı liberaldırmı? Deyilsə, niyə buna keçə bilmirik? Mane olan nədir? Tam liberal iqtisadiyyata keçid bizə nə verə bilər?

Azərbaycan iqtisadiyyatında özəl sektorun payı kifayət qədər yüksəkdir. 1995-2021-ci illərdə ÜDM-də onun həcmi 2,8 dəfə artıb. Sahibkarlıq dövlət tərəfindən dəstəklənir. 2005-2006-cı illərdə neftin qiymətinin kəskin düşməsi nəticəsində iqtisadiyyatın böyük risklə üzləşməsindən sonra bu məsəyə xüsusi diqqət yetirilir. Bir neçə istiqamət üzrə dövlət proqramları qəbul edilib. 2018-ci ildə İlham Əliyev növbəti dəfə prezident seçildikdən sonra liberallaşma iqtisadi kursun başlıca strateji məqsədinə çevrilib. 2019-cu ildə ölkədə böyük islahatlara start verilməklə Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edildi. Orta və kiçik sahibkarlığın inkişafının prioritet olduğu bir daha gündəmə gətirildi.

Ancaq bununla belə, iqtisadi inkişaf və artımda dövlət hələ də məsuliyyət daşıyır, əsas yükü əvvəlkitək yenə özü çəkir. Çünki rəqabət tələb olunan səviyyədə deyil, iqtisadi subyektlər arasında güclü rəqabət təmin olunmayıb və sair... Rəqabət liberal iqtisadiyyatın əsas şərtidir. Rəqabət olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Bəli, hökumət iqtisadiyyata bacardıqca az müdaxilə etmək, dövlət nəzarətində məhdud sayda subyekt, istehsal sahəsi, xidmət sferası saxlamaq istəyindədir. Ancaq buna hələ ki nail ola bilmirik. Ona görə ki, ölkə iqtisadiyyatının inkişafı birtərəfli xarakter daşıyır, neft-qaz sektorundan asılılıq var. Sözügedən sektorsa dövlət inhisarındadır.

Nə vaxt ki ölkə iqtisadiyyatında birtərəfli inkişaf aradan qalxacaq, qeyri-neft-qaz sektoru əsas gəlir mənbəyinə çevriləcək, ixracatda valyuta gətirən sahələr və mənbələr çoxalacaq, liberal iqtisadiyyat da yalnız o zaman təşəkkül tapa biləcək. Haqqında söhbət açdığımız iqtisadi sistem dövlət proqramları, layihələr, sərəncamlar və fərmanlar vasitəsilə həll olunan məsələ deyil. Buna vaxt lazımdır. Qeyri-neft sektoru inkişaf etməli, bu sahəyə investisiya yatırılmalıdır. Bundan öncə isə xarici bazarlar öyrənilməli, daxili tələbatın strukturu nəzərdən keçirilməli və elə rəqabətqabiliyyətli məhsullar istehsal edilməlidir ki, təkcə daxili deyil, xarici bazarda da sözünü deyə bilsin.

Məsələn, ölkədə sahibkarlıq fəaliyyətilə məşğul olanların 99%-dən çoxunu kiçik və orta biznes subyektləri təşkil edir. Ancaq bizdə sözügedən subyektlər üzrə gəlirlilik səviyyəsi qənaətbəxş deyil. İnkişaf etmiş ölkələrdə onlar iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi sayılırlar. Çünki, çox güclü rəqabət şəraitində çalışırlar. Bu baxımdan, mövcud vəziyyət bizə diqtə edir ki, ölkədə sahibkarlığın inkişafı üçün vergi siyasəti stimullaşdırılmaqla bərabər, inhisarçılıq aradan qaldırılsın. Vergi güzəştləri və stimullaşdırıcı tədbirlər nə qədər çox geniş tətbiq edilsə də, ortada inhisarçılıq və monopoliya amilləri varsa, effekti olmayacaq. İnhisarçılıq olan yerdə rəqabət olmur. Rəqabət olmayan yerdəsə sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət və hökumətin bütün tədbirləri effektsiz xarakter daşıyır və daşıyacaq.

Odur ki, ölkədə tezliklə rəqabət məcəlləsi qəbulu edilməli, inhisarçılıq aradan qaldırılmaqla geniş rəqabət imkanları təmin olunmalıdır. Məhkəmə sistemində də ədalətlilik prinsipi durmadan inkişaf etdirilməlidir. Liberal iqtisadiyyatın Azərbaycanda təşəkkül tapması hələ çox işlər görməyi tələb edir. Növbəti onillik ərzində buna nail olsaq, böyük nəticə sayıla bilər.


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün



Teqlər: İqtisadiyyat  





Xəbər lenti